Active Play

Bakıda gediləcək 9 fərqli piknik yeri və qiymətləri.



Edilə biləcək ən gözəl istirahətlərdən biri piknik etməkdir. Sizə Bakı və Bakı ətrafında gedə biləcəyiniz ən sərin, ən fərəh və ən gözəl 9 piknik zonasını təqdim edirik.

9. Balıqlı Göl

Burada piknik üçün hər bir şərait yaradılıb, beləki manqal zonası, balıq tutmaq, uşaqlar üçün oyun meydançaları, idman alətləri, katamaran ilə gəzinti, futbol və voleybol meydançaları və s. Ailəvi və ya dostlarla əyləncəli maraqlı bir gün keçirmək üçün ideal məkanlardan biridir. Siz şəhərə yaxın məsafədə yaşıllıqdan həmçinin göl mənzərəli təbiətdən zövq almaq üçün Balıqlı gölə üz tuta bilərsiniz. Giriş 5 AZN-dir. Məkan Binə qəsəbəsindən Qalaya gədən yoldadır. Piknik yerləri üçün ödənişlər müxtəlifdir. Sadə masa kirayəsi - 5 AZN, taxta besetka kirayəsi isə 30 AZN-dir. Balıq ovlamaq istəyənlər 1 kiloqram tutulan balığa görə 10-15 AZN ödəməlidir. Limit 3 kiloqramdır. Velosiped sürməyin 10 dəqiqəsi – 2 AZN, katamaran 15 dəqiqəsinə görə ödəniş 5 AZN-dir. Piknik üçün lazım olan kabab üçün şiş, piknik üçün boşqablar ədədi 0,50 – 1 AZN-dir.


8. Zirə Eko Parkı

Zirə qəsəbəsində yerləşən geniş əraziyə malik park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50 000-dən çox müxtəlif növ meyvə və dekorativ ağaclar, gül-çiçək əkilib. Ərazidəki fəvvarələrin xüsusi və rəngarəng işıqlanma sistemi gecə vaxtı xüsusi bir estetika yaradır. Uşaqlar üçün müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, həmçinin idman trenajor qurğuları ilə aktiv şəkildə idmanla məşğul ola bilərsiniz. Parkda 150-dək ekzotik quşların saxlanması və artırılması üçün müvafiq şəraiti olan Quş parkı yaradılıb. Burada qalereya – yaşıllıq, xarici dil kabineti (ingilis,fransız və rus dilləri), art-studiya, e-kitabxana, IDEA resurs mərkəzi, şahmat otağı, moda studiya, rəqs və gimnastika zalı, zirə xalça muzeyi və xalçaçılıq tədris mərkəzi fəaliyyət göstərir. Zirə Cinema - ən son texnologiya ilə təchiz olunmuş 300 nəfərlik konsert, iclas və 3D kino zalı mövcuddur. Zalda ən son filmlər nümayiş etdirilir. Piknik üçün lazım ləvazimatları (stol, stul və s.) kirayə götürə bilərsiniz.


7. Böyük Şor gölü

Abşeron gölləri içərisində ən böyük su səthi olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Gölün ətrafında piknik üçün geniş ağaclarla əhatələnmiş yaşıllıq zolaq mövcuddur. Şəhərdən uzaqlaşmadan təbiətin qoynunda dincəlmək üçün şəhərin ən gözəl zonalarından birini seçə bilərsiniz.


6.Gənclik parkı

Xətai rayonu ərazisində yeni salınan Gənclik parkı şəhər sakinlərinin dincəlməsi üçün nəzərdə tutulan məkanlardan biridir. Geniş yaşıllıq ərazidə oyunlar oynaya, şəhərdən uzaqlaşmadan aktiv şəkildə dincələ bilərsiniz. Parka giriş ödənişsizdir.


5. Mərdəkan dendrari

Piknik həvəskarı üçün növbəti pikniz zonamız neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağının yerləşdiyi indiki Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazidir. Dendroloji bağ 420 növdən çox ağac və kol bitkiləri, texniki dərman bitkiləri, oranjeriya bitkiləri, 50 növə qədər respublika florasını təmsil edən cır halda bitən bitkilərlə əhatələnmiş geniş əraziyə malikdir. Yaşıllıq ərazidən gəzərək və piknik edərək dincələ bilərsiniz.


4. Pirallahi adası

Xəritədə gördüyünüz qartalın baş hissəsinin uc tərəfində yerləşir. Xəzərin sahilində dincəlmək üçün sakit və fərah bir yerdir. Özünlə piknik üçün lazım olan bütün ləvazimatları götürdükdən sonra həmçinin burada siz dənizin sahilində dostlarınızla yığışıb maraqlı gün keçirə bilərsiniz.


3.(Botanika İnstitutu)

Şəhərin mərkəzində (Badamdar) yerləşən növbəti piknik zonasındır. Bura həm də Botanika İnstitutunun ərazisi olduğuna görə siz müxtəlif növ ağac və bitkiləri təbii və xüsusi zonalarda spesifik şərait yaradılaraq yetişdirildiyini görə bilərsiniz. Dünyanın dörd bir tərəfindən olan bu ağaclar geniş ərazini əhatə edir. Giriş 2 manatdır. Piknik üçün besetka stol stullar və s. nəzərdə tutulur.


2.Yasamal meşə tipli park

Paytaxtda salınan yeni meşə tipli parkda şəhər sakinlərinin istifadəsi üçün hər bir şərait yaradılıb. Geniş əraziyə malik park şəhərinin səs küyündən dincəlmək istəyənlər üçün maraqlı seçim olacaqdır. Ekstrim tipli piknik üçün Çilov adasına da gedə bilərsiniz. Çilov adasına iydə ətirli ada deyirlər. Çünki adada iydə və yasəmən ağacları üstünlük təşkil edir. Burada sizi maraqlı səyahət gözləyir. Beləki adaya getmək gəmi və ya helikopter vasitəsilə mümkündür. SOCAR və ya Pirallahı İcra Hakimiyyətindən xüsusi icazə ilə bu adaya gedib dincəlib, həmçinin qala bilərsiniz. Koroğlu metrosundan Pirallahıya gedən taksilər sizi helikopterin qalxdığı əraziyə götürəcək. 10-12 dəqiqəyə çatacaqsınız. Zığ limanından 3-4 saatlıq səyahətlə də getmək mümkündür. Gəmi ilə bir qədər çətin hesab olunur. Spirtli içki aparmaq qadağandır, lakin adada mağazalarda satılır. Adanın bir sıra maraqlı yerləri var. Taxta evlər Yunanıstan və Türkiyədəki adaları xatırladır, lakin bir qədər baxımsız qalıblar. Gözəl və təmiz çimərlikdə dincələ bilərsiniz. Göz Yaşları restoranında müxtəlif növ balıq yeməkləri yeyə bilərsiniz. Respublikanın ən böyük Bayraq meydanı buradadır.


1.Chill out of party 

Açıq havada film izləmək istəyənlər üçün Tripsome.az fəaliyyətlərindən biri olan “Chill out of party” əla seçim olacaq. Məkan Buzovna ərazisində yerləşir və burada siz ocaq başında rahat pufiqlərdə əyləşərək film izləmənin keyfini çıxara bilərsiniz. Filmdən sonra canlı musiqi ilə ruhunuz dincələcək. Əraziyə giriş 20 AZN-dir. Eyni zamanda fotosessiya‌, ocaqda marshmallov, popcorn və içki də fəaliyyətin ödənişinə daxildir. Link-ə daxil olaraq bilet əldə edib fəaliyyətdə iştirak edə bilərsiniz.

Daha çox fəaliyyətlər və istirahət etmək üçün tripsome.az vebsaytına keçid edin və onlayn şəkildə rahatlıqla istədiyiniz fəaliyyətə bilet alıb qoşulun!